MƏHKUMLARA ÖDƏNİŞSİZ HÜQUQİ YARDIM GÖSTƏRİLMƏSİ PROSESİ DAVAM EDİR
Ədliyyə Nazirliyi Penitensiar xidmət ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq, məhkumlara ödənişsiz peşəkar hüquqi yardımın göstərilməsi məqsədilə Penitensiar xidmətin Bakı istintaq təcridxanasında, 3 saylı İstintaq təcridxanasında, 4 saylı cəzaçəkmə müəssisəsində və Tərbiyə müəssisəsində aksiya keçirilib.
Qadın Vəkillər Alyansı, Bakı şəhəri 8 saylı Vəkil Bürosu, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkillərinin iştirakı ilə keçirilmiş aksiyalar zamanı 95 həbs edilmiş şəxsə və məhkuma mülki və cinayət qanunvericiliyinin müddəaları izah olunub, onların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində sualları cavablandırılıb.
Daha sonra 4 saylı cəzaçəkmə müəssisəsində məhkumlar üçün konsert proqramı təşkil olunub. Konsert proqramı zamanı qadın məhkumlardan ibarət ansamblın üzvləri və Qadın Vəkillər Alyansının vəkilləri Azərbaycan xalq mahnılarından nümunələr səsləndiriblər. Çıxışlar böyük maraqla izlənilib.
Tədbirlər Planına uyğun olaraq cəzaçəkmə müəssisələrində məhkumlara ödənişsiz hüquqi yardım aksiyalarının keçirilməsi davam etdiriləcək.