• 08.11.2024

ZƏFƏR GÜNÜ PENİTENSİAR XİDMƏTDƏ QEYD EDİLİB

Ədliyyə Nazirliyinin Penitensiar xidmətində Vətən müharibəsi iştirakçıları və şəhid ailəsi üzvlərinin iştirakı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

 

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla anılıb.

Daha sonra Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidov böyük Zəfərə gedən yolun əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini diqqətə çatdırıb. Nəticədə 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandanın qətiyyəti, Ordumuzun gücü və xalqımızın birliyi sayəsində işğala son qoyulub, Ermənistan məğlub tərəf qismində üçtərəfli Bəyanatı imzalamağa məcbur olub. 2023-cü il sentyabrın 19-da başlayan 24 saatlıq lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib.

Tədbir iştirakçılarına 8 Noyabr Zəfər Günü ilə əlaqədar ədliyyə naziri cənab Fərid Əhmədovun təbriklərini çatdıran nazir müavini müharibə iştirakçılarına, qazilərə və şəhid ailəsi üzvlərinə ədliyyə orqanları tərəfindən hər zaman diqqət və qayğı göstərildiyini xüsusilə vurğulayıb.

Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsinə dərin ehtiramını bildirən Xidmət rəisi müharibə iştirakçısı olan həmkarlarımıza uğurlar arzulayıb.

Sonda 44 günlük Vətən müharibəsinə həsr olunmuş film izlənilib, iştirakçılarla xatirə şəkli çəkilib.