• 15.01.2025

İNSAN HÜQUQ VƏ AZADLIQLARININ TƏMİN EDİLMƏSİ ƏDLİYYƏ NAZİRLİYİNİN PENİTENSİAR XİDMƏTİ ÜÇÜN PRİORİTETDİR

Penitensiar müəssisələrdə saxlanma şəraitinin beynəlxalq standartlara uyğun təmin edilməsi, məhkum və həbs edilmiş şəxslərin hüquq və azadlıqlarının qorunması istiqamətində qarşıya qoyulmuş vəzifələr uğurla yerinə yetirilir.

Azərbaycan Respublikası Prezidentinin bu sahəyə diqqət və qayğısı sayəsində yeni penitensiar müəssisələr (komplekslər) inşa edilir, hazırda istifadədə olan müəssisələrdə təmir, abadlıq işləri aparılır, məhkum və həbs edilmiş şəxslərin beynəlxalq sənədlərdə nəzərdə tutulmuş standartlara uyğun saxlanması üçün müvafiq şərait yaradılır.

Ötən dövr ərzində qadın və yetkinlik yaşına çatmayan şəxslər üçün müasir  penitensiar müəssisələr, həmçinin Umbakı penitensiar müəssisəsi, Lənkəran penitensiar müəssisəsi istifadəyə verilib.  

Məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində nəzərdə tutulmuş qaydada çəkilməsinin təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülməsi barədə ölkə başçısının tapşırıqlarının icrası ötən il ərzində də xüsusi diqqətdə saxlanılıb, 2, 3, 6 və 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində əsaslı təmir-tikinti işləri aparılıb. Qeyd olunan məntəqə tipli cəzaçəkmə müəssisələrində məhkumların qanunvericiliyə uyğun saxlanma şəraitinin təmin edilməsi məqsədilə müvafiq infrastruktur yaradılıb.

Məhkum və həbs edilmiş şəxslərin hüquqlarının təmin edilməsi sahəsində mühüm məsələlərdən biri onların qanunvericiliklə nəzərdə tutulmuş qaydada təhlükəsizliklərinin təmin edilməsidir. Məhkumların insan ləyaqətinə hörməti təmin edən şəraitdə saxlanması, işgəncə və pis rəftar hallarının baş verməməsi məqsədilə penitensiar müəssisələrin fəaliyyətinə nəzarət gücləndirilib, müraciətlərin təqdim edilməsi imkanları genişləndirilib. İstər vətəndaşların, istərsə də təqsirləndirilən şəxslərin və məhkumların ünvanladıqları müraciətlərə çevik və operativ reaksiya vermək məqsədilə “889” Çağrı Mərkəzi fəaliyyətə başlayıb, sosial şəbəkələrdə Penitensiar xidmətin rəsmi səhifələri yaradılıb.  

Gün ərzində istintaq təcridxanalarına və cəzaçəkmə müəssisələrinə yeni daxil olan şəxslərə onların hüquq və vəzifələri, qəbul edilmiş qərarlardan şikayət vermək imkanları izah edilir. Penitensiar müəssisələrdə ingilis, rus və fars dillərində məhkumların hüquq və vəzifələrini əks etdirən posterlər sərgilənir. Eyni məzmunlu yaddaş kitabçaları nəşr edilərək penitensiar müəssisələrə paylanılır. Həmin kitabçalarda Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın), Ədliyyə Nazirliyinin və Penitensiar xidmətin əlaqə nömrələri qeyd edilir. Vətəndaşlara layiqli xidmət göstərilməsi, ədliyyə orqanlarına əlçatanlığın təmin olunması, hüquqi maarifləndirmənin yüksək səviyyədə həyata keçirilməsi, xüsusilə şəffaflığın təmin olunması məqsədilə yaradılmış Çağrı Mərkəzinin əlaqə nömrəsi əks olunmuş lövhələr ilk gündən bütün cəzaçəkmə müəssisələrində yerləşdirilib. Daxil olan müraciətlər, xüsusilə işgəncə və pis rəftarla bağlı şikayətlər nəzarətə götürülməklə obyektiv araşdırılır və müvafiq tədbirlər görülür.

Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq məhkum və həbs edilmiş şəxslərə peşəkar vəkillər tərəfindən ödənişsiz peşəkar hüquqi yardım göstərilir. Vəkillər tərəfindən onlara qanunvericiliyin müddəaları izah olunur, hüquq və azadlıqlarının təmin edilməsi sahəsində sualları cavablandırılır.

Sosial Xidmətlər Agentliyi ilə imzalanmış birgə fəaliyyətə dair Tədbirlər Planına əsasən, azad olunan məhkumların sosial reabilitasiyası və adaptasiyası sahəsində fəaliyyətin daha səmərəli təşkili məqsədilə də bir sıra tədbirlər həyata keçirilir. Agentliyin nümayəndələri Xidmətin əməkdaşları ilə birgə penitensiar müəssisələrdə cəzasının sonu yaxınlaşan məhkumları qəbul edir, onların işlə təmin olunmaları məqsədilə zəruri tədbirlər görülür. Sosial Xidmətlər Agentliyinin məsul əməkdaşları cəza çəkən məhkumların sosial reinteqrasiya və sosial reabilitasiyası məqsədilə 19 penitensiar müəssisədə azad olunmağa hazırlaşan məhkumların sosial reinteqrasiyası və adaptasiyasına, onların hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunmasına yönəlib.  

Eyni zamanda, sosial reinteqrasiya və reabilitasiya yönümlü fəaliyyətin həyata keçirilməsi istiqamətində 16 saylı cəzaçəkmə müəssisəsində pilot lahiyə olaraq sosial-psixoloji yardım otağı yaradılıb, adı çəkilən Agentliyin sosial işçiləri və psixoloqları tərəfində hər həftə məhkumların qəbulları keçirilərək sosial reinteqrasiya, reabilitasiya, qiymətləndirmə və psixoloji yardım işləri aparılıb. Risk qrupuna aid şəxslərlə sosial-psixoloji işlərin apararılması diqqət mərkəzində saxlanılıb.  

Penitensiar müəssisələrin işində şəffaflığın və aşkarlığın təmin olunması, bu sahədə ictimai nəzarətin gücləndirilməsi məqsədilə Ədliyyə Nazirliyi yanında fəaliyyət göstərən İctimai Şura ilə işgüzar və səmərəli münasibətlər davam etdirilib. İctima Şuranın üzvləri, ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri penitensiar müəssisələrdə təşkil olunan tədbirlərə cəlb olunur, məhkumlarla hüquqi maarifləndirmə, psixoloji yardım işi, əməkdaşlarla insan hüquq və azadlıqlarının təmini sahəsində seminar-treninqlər keçirilir.

Hüquq və İnsan Haqları İnstitutu ilə səmərəli əməkdaşlıq çərçivəsində “Təlimçilər üçün təlim”, penitensiar müəssisələrin əməkdaşları ilə “İşgəncələrə Qarşı Avropa Komitəsinin standartları”, “BMT-nin məhbuslarla rəftarın minimal standart qaydaları” və “Məhbusların hüquqları Azərbaycan Respublikasının qanunvericiliyində” mövzularında təlimlər keçirilib, təlimləri bitirənlərə sertifikatlar təqdim edilib.