“PENİTENSİAR XİDMƏTDƏ SOSİAL-PSİXOLOJİ İŞİN TƏŞKİLİ” PROQRAMI
“Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi 2021-ci ildən etibarən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin əməkdaşlığı, UNİCEF Azərbaycan ofisinin dəstəyi və tərəfdaşlığı ilə “Penitensiar xidmətdə sosial-psixoloji işin təşkili” proqramını həyata keçirir.
Layihə çərçivəsində ictimai birliyin sosial xidmət mərkəzi olan Yuvenal Ədliyyə Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə qarşılıqlı Fəaliyyət Planına əsasən, həm Penitensiar xidmətin Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisədə saxlanılan, habelə riskli davranışa meyilli yetkinlik yaşına çatmayanlarla sosial-psixoloji reabilitasiya işi aparılır və hüquqi yardım fəaliyyəti həyata keçirilir.
Əməkdaşlıq sayəsində yetkinlik yaşına çatmayanların inkişafı və tərbiyəsi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Birgə səylər müxtəlif sosial, psixoloji və hüquqi reabilitasiya sahələrini əhatə edən inteqrasiya olunmuş dəstək sistemi yaratmağa imkan verir. Bu əməkdaşlıq sosial bacarıqların inkişafı, onların müəssisədə qalma müddətinin bitməsindən sonra reabilitasiyası üçün proqramların hazırlanması və həyata keçirilməsini əhatə edir.
Bununla yanaşı, əməkdaşlığın vacib hissəsi uşaqların hüquqları və sosiallaşma mövzularında təhsil və tərbiyə tədbirlərinin təşkili, eləcə də psixoloji və sosial dəstəyin təmin edilməsidir.
Vətəndaş cəmiyyəti təşkilati olaraq əlavə resurslara, o cümlədən psixoloq, vəkil, könüllülər və məşğulluq üzrə mütəxəssislərə çıxışa şərait yaradır ki, bu da öz növbəsində yetkinlik yaşına çatmayanların reabilitasiyasına kompleks yanaşmanı təmin edir.
Layihənin icrası müddətində bugünə qədər 200-ə yaxın yetkinlik yaşına çatmayan şəxsə və onların ailələrinə müxtəlif sosial-psixoloji və hüquqi xidmətlər göstərilib.
Mərkəzin fəaliyyəti çərçivəsində, həmçinin yetkinlik yaşına çatmayanların valideynləri ilə Yuvenal Ədliyyə Mərkəzində görüşlər təşkil edilir. İlkin görüşlərdə valideynlərə fəaliyyətin məqsədi, övladlarına ediləcək dəstək və göstəriləcək sosial, psixoloji, hüquqi xidmət barədə ətraflı məlumatlar verilərək həm valideynlərdən, həm də onların övladlarından Yuvenal Ədliyyə Mərkəzində “Sosial-psixoloji reabilitasiya” proqramına cəlb edilmə barəsində razılıq ərizəsi alınır. Valideynlərin bir çoxunun işləməsi səbəbindən onlarla tez-tez görüşmək mümkün olmasa belə, telefon vasitəsilə əlaqələr yaradılaraq yetkinlik yaşına çatmayanların reabilitasiya prosesində iştirakının gedişatı, görüşlərdəki fəallığı və həmin gün ərzindəki emosional vəziyyətləri haqqında məlumat verilir. Həmçinin ailələrə mütəmadi səfərlər edilərək yerində həm yaşayış yeri, həm də ailədaxili münasibətlər qiymətləndirilir, ailənin digər üzvləri ilə əlaqədar qiymətləndirmə aparılması da fəaliyyət planı çərçivəsində həyata keçirilir.
Paralel olaraq yetkinlik yaşına çatmayanlarla aparılan sosial-psixoloji reabilitasiya işinə əsasən müəyyən edilmiş cədvəl əsasında onlarla fərdi görüş və qrup işləri aparılır, asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif tədbirlər təşkil edilir.
Eyni zamanda, müəssisəni tərk etdikdən sonra yetkinlik yaşına çatmayanların özləri və valideynləri ilə əlaqə saxlanılır, ümumi vəziyyətləri qiymətləndirilir, Yuvenal Ədliyyə Mərkəzində qeydiyyata alınmaqla təşkil olunan təlim və seminarlarda iştirakları təmin edilir.
Sosial və psixoloji reabilitasiya ilə yanaşı, yetkinlik yaşına çatmayanlara hüquqi yardım da göstərilir. Mərkəzin vəkilləri yeniyetmələrə vəziyyətlərinin hüquqi qiymətləndirilməsi ilə bağlı kömək edir, mümkün cəza tədbirləri barədə məlumat verir və müvafiq dövlət orqanlarına şikayət və ərizələrin hazırlanması və təqdim edilməsi üzrə dəstək göstərirlər.
Bundan əlavə, vəkillər məhkəmələrdə yetkinlik yaşına çatmayanların hüquqlarının qorunmasında fəal iştirak edirlər, cəzalarının yüngülləşdirilməsi və onların azadlığa buraxıldıqdan sonra sosial reabilitasiyasına hüquqi yardım göstərərək kömək edirlər.
Hüquqların qorunması üzrə təlim və proqramlar gənclərin hüquqi savadını artırmağa, onlarda məsuliyyət hissini formalaşdırmağa yönəlib. Belə tədbirlər yetkinlik yaşına çatmayanların cəmiyyətə inteqrasiyasına, onların hüquq və azadlıqlarının bərpasına kömək edir və təkrar cinayətlərin qarşısını alır. Bu kompleks yanaşma çərçivəsində sosial, psixoloji və hüquqi yardım, gənclərə davranışlarını düzəltmək, normal həyata qayıtmaq və cinayətin təkrarlanması riskini minimuma endirmək üçün hərtərəfli dəstək təmin edir.
Müasir standartlara cavab verən müəssisədə yetkinlik yaşına çatmayanların asudə vaxtlarının səmərəli təşkilinə və peşə vərdişlərinə yiyələnmələrinə də xüsusi diqqət göstərilir.
Futbol üzrə peşəkar məşqçi tərəfindən yeniyetmələrin fiziki inkişafı və idmana həvəsləndirilməsi həyata keçirilir. Müəssisədə fəaliyyət göstərən bərbərlik kursuna maraq göstərənlərin də sayı az deyil. Bu cür tədbirlərin davamlı olması yeniyetmələrin emosional vəziyyətlərinin yüngülləşdirilməsi, fərdlərarası və müəssisə əməkdaşları ilə səmərəli ünsiyyətin qurulması, onların özünüqiymətləndirməsi, özünəinamın artırılması istiqamətində, həmçinin reabilitasiya və reinteqrasiya proseslərinin təşkilinə böyük töhfə verməkdədir.
Beləliklə, Ədliyyə Nazirliyi ilə “Ümidli Gələcək” İB arasında əməkdaşlıq yetkinlik yaşına çatmayanların hüquqlarının bərpasına, onların cəmiyyətə inteqrasiyasına və təkrar cinayət törətmələrinin qarşısının alınmasına kömək edir, eyni zamanda Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisədə tərbiyə işinin daha səmərəli təşkilinə öz töhfəsini verir.


