• 26.02.2025

XOCALI SOYQIRIMININ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR ANIM TƏDBİRİ KEÇİRİLİB

Fevralın 26-da təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş, əsrimizin ən dəhşətli və ən ağır cinayətlərindən olan Xocalı soyqırımının ildönümü ilə əlaqədar Ədliyyə Nazirliyinin Penitensiar xidmətində anım mərasimi keçirilib.

1992-ci ildə Xocalıda qətlə yetirilən yüzlərlə insanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım mərasimində Penitensiar xidmətin rəis müavini ədliyyə general-mayoru Oqtay Məmmədov çıxış edib. Xocalı soyqırımının sülh və bəşəriyyət əleyhinə yönəlmiş əməl olduğu və ən ağır beynəlxalq cinayət sayıldığı bildirilib. Bu faciəyə məhz Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verildiyi, Xocalı faciəsi barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və dünya birliyi tərəfindən soyqırım aktı kimi tanınması üçün məqsədyönlü fəaliyyət göstərildiyi, bununla bağlı Heydər Əliyev Fondunun təşəbbüsü ilə geniş vüsət alan "Xocalıya ədalət" kampaniyasının fəaliyyəti vurğulanıb.

Qeyd olunub ki, artıq iki ildir ki, Xocalı soyqırımı fərqli qeyd olunur. 2020-ci il sentyabrın 27-dən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan Vətən müharibəsi, 2023-cü il sentyabrın 19-da rəşadətli Ordumuzun apardığı lokal xarakterli antiterror tədbirləri nəticəsində torpaqlarımız, o cümlədən Xocalı şəhəri düşmən tapdağından azad edilib. Prezident İlham Əliyev oktyabr ayının 15-də Azərbaycan Respublikasının Dövlət Bayrağını Xocalı şəhərində ucaldıb.

Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş sənədli film nümayiş etdirilib.