ƏDLİYYƏ NAZİRLİYİNİN PENİTENSİAR XİDMƏTİNDƏ BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Baş idarəsində 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir təşkil edilib.
Tədbir zamanı məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyevin Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşdüyü, İdman Fondunun təsis edildiyi, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlinin qoyulduğu diqqətə çatdırılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən isə hər ilin bu günü ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir.
Tədbir zamanı Penitensiar xidmət rəhbərliyi tərəfindən də şəxsi heyətin fiziki hazırlığının daim diqqət mərkəzində saxlanıldığı, peşəkar idmanla məşğul olan əməkdaşların beynəlxalq yarışlarda iştirakına şərait yaradıldığı diqqətə çatdırılıb. Mühafizə Alayının xüsusi təyinatlılarının müxtəlif tədbirlərdə nümayiş etdirdikləri nümunəvi çıxışlar, peşəkar idmanla məşğul olan əməkdaşların dünya və Avropa çempionatlarında qazandıqları qələbələr, ən əsası isə ötən il Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş müxtəlif dövlət qurumları və təşkilatların 52 komandasının mübarizə apardığı mini-futbol turnirində “Ədliyyə” komandasının finaladək irəliləyərək 1-ci yeri tutması həmkarlarımızın idmana olan marağından xəbər verir.
Sonda şəxsi heyət ölkə idmanının inkişafından bəhs edən sənədli film izləyib.
5 Mart - Bədən Tərbiyəsi və İdman Günü Penitensiar xidmətin Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəsində də qeyd olunub. Bu əlamətdar günlə əlaqədar ötən il 52 komanda arasında 1-ci yeri tutmuş “Ədliyyə” komandası və yeniyetmələrdən ibarət komanda arasında mini-futbol yarışı təşkil edilib. Turnirin qaliblərinə hədiyyələr təqdim olunub.




