YETKİNLİK YAŞINA ÇATMAYAN MƏHKUMLARLA PSİXOLOJİ SEMİNAR TƏŞKİL EDİLİB
Məhkum və həbs edilmiş şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi, sosial adaptasiyasının və cəmiyyətə reinteqrasiyasının gücləndirilməsi, onlarla aparılan tərbiyəvi, sosial və psixoloji işin təkmilləşdirilməsi məqsədilə tədbirlər davam etdirilir.
Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən bu istiqamətdə mütəmadi olaraq tədbirlər və azadlıqdan məhrum edilmiş şəxslərin fərdi qaydada qəbulu həyata keçirilir.
Növbəti dəfə Tərbiyə işinin təşkili idarəsinin Psixoloji və sosial iş şöbəsi “İnsan Hüquqları Aylığı” çərçivəsində Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisədə cəza çəkən yeniyetmə məhkumların iştirakı ilə “Mənim hədəflərim” mövzusunda seminar təşkil edib.
Seminar zamanı məhkumlar interaktiv məşğələdə iştirak ediblər, onlarla maarifləndirici söhbətlər aparılıb. Yeniyetmələrlə gələcək hədəflər, ailə, təhsil və sosial əməkdaşlığın əhəmiyyəti barədə müzakirələr edilib, onları maraqlandıran suallar cavablandırılıb. Tədbirdən sonra psixoloqlar tərəfindən məhkumların fərdi qəbulu keçirilib.

